Qərbin bizə qarşı “ikili standartları”nı onun gözünə soxmaqdan yorulduq, amma onlar riyakarlıqlarından bezib-usanmadılar. Ayıblarına heç cürə kor olmaq istəmirlər. Bu da növbəti rüsvayçı, özünüifşa faktı.
ABŞ hökuməti Rusiya kommunistlərinin lideri Gennadi Züqanova və Dövlət Dumasının daha 10 üzvünə sanksiya tətbiq elədiyini açıqlayıb. Səbəb onların Donbasdakı iki separatçı qurumun - “DNR” və “LNR” tanınması ilə bağlı parlamentə müraciət göndərməsidir. Məlumdur ki, həmin müraciət əsasında Ukraynanın cənub-şərqindəki kukla rejimlər dövlət kimi tanınıb, ardınca da Putin qərarı təsdiqləyib.
Bu yerdə yada dərhal Fransa parlamenti düşür. Hansının ki, hər iki palatası ilyarım öncə uydurma “artsax”ın tanınması ilə bağlı qərar qəbul eləmiş və imzalanması üçün Fransa prezidentinə göndərmişdi. Yeganə fərq ondadır ki, E.Makron o vaxt qərara imza atmağa cürət eləməmişdi.
Amma o vaxt nədənsə ABŞ hökumətində heç kimin tükü tərpənmədi. Belə çıxır, hansısa Qərb (Avropa) dövlətinin parlamentinin hansısa separatçı qurumu tanıması tam normal bir şeydir, amma buna Rusiya kimi ölkələrin parlamenti gedə bilməz. Əsas sual da budur ki, nə əcəb fransız deputatlar da ABŞ-ın “qara siyahı”sına salınmadı? Bəlkə ermənilər Donbas separatçılarından fərqli olaraq “köynəkdə” doğulublar?..
Bu harasıdır, separatçılığa dəstəyə görə Züqanov və daha 10 deputata sanksiya tətbiq edən ABŞ cəmi 2 gün öncə Qarabağ anklavındakı xunta rejiminə guya minaların təmizlənməsi və başqa humanitar məqsədlər üçün 2 milyon dollar yardım ayırıb! Qəribədir, deyilmi? “Şeytan yuvası” Xankəndində nə mina ola bilər. Bu çaqqallar özləri-özlərinin altına minalar, bombalarmı döşəyiblər işğal dövründə?
Azərbaycanda ucsuz-bucaqsız minalanmış sahələr hardadır, gərək ki, bunu ermənipərəst Konqres üzvləri də, Ağ Evdəkilər də əla bilir. Azərbaycana 1-2 minaaxtaran it göndərməklə işlərini bitmiş hesab elədilər. Halbuki 1 milyon insanın öz yurduna dönüşünə məhz erməni faşistlərinin hara gəldi basdırdıqları minalar imkan vermir. Öz evinə qayıdıb yaşamaq isə insanın ən təbii, ən elementar haqqıdır. Özünü “demokratiya beşiyi” sayan ABŞ-ın, demokrat prezident sayan Co Baydenin insan haqlarına heç olmasa, yalançı sayğısı harda qaldı bəs? Nə vaxtadək haqqı tapdananların - azərbaycanlıların yox, zalımın - erməni quldur-separatçıların yanında yer alacaqlar?..
Əlbəttə bu hoqqalar bizə çoxdan tanışdır. ABŞ və Fransanın Ermənistandakı səfirlərinin vaxtaşırı Minsk Qrupunu diriltməklə bağlı ah-nalələrinə, “konflikt hələ bitməyib” kimi Bakıya ünvanlı şantajçı bəyanatlarına da artıq öyrəncəliyik. “Konflikt bitməyib” deyirlər. İmkan versəniz, bitər. 30 ildə problemin ədalətli həllinə var gücləri ilə əngəl yaradanlar münaqişə böyük ölçüdə yekunlaşandan sonra indi də əl-ayağa dolaşırlar. Öz səfirlərinə Şuşaya getməyi belə yasaqlayıblar. Sanki azad edilən Şuşa qədimvə qanuni Azərbaycan şəhəri deyilmiş.
Deyir imam üçün ağlayanda, bir az da gərək Yezidə göz yaşı tökəsən. Yenə baxırsan ki, Qarabağ məsələsində Rusiya bizə qarşı bunlardan daha abırlı davranıb. Hər necə olmasa, işğaldakı torpaqlarımızın 90 faizini silah gücünə azad eləməyimizə Moskva demək olar, əngəl olmadı. 44 günlük savaşda Putin əleyhimizə bircə cümlə də işlətmədi. Amma Makron hansı oyunlardan çıxmadı ki. Ardınca da Fransa parlamentinin məlum sırtıqlığı...
Beləcə, Azərbaycan qarşı ikili yanaşma Ukrayna dərsləri fonunda da səngimək bilmir. Hazırda Fransanın sədri olduğu Avropa İttifaqının əsas qurumu olan Avropa Parlamentində srağagün qəbul edilən, sayca 3-cü (!) anti-Azərbaycan qətnaməsi buna zərrəcə şəkk-şübhə saxlamadı. İlin günün bu vaxtında erməni faşizminə, erməni separatizminə bu səviyyədə qahmar çıxmağın, erməni yalanlarını bu şəkildə və misilsiz həyasızlqıla tirajlamağın bircə adı ola bilər: elan elədiyin bəşəri dəyərlərə tüpürmək!
Odur ki, diqqətli olmalıyıq. İşimizi möhkəm tutmalı, dost-düşmənlərimizi, ələlxüsus dost cildinə girmiş bədxahlarımızı bir daha tanımalıyıq...