Suriya lideri Bəşər Əsəd Ukraynanı işğal etməyə çalışan Rusiyaya döyüşçülər göndərmək qərarına gəlib. Rusiya Prezidenti Vladimir Putinin hər döyüşçü üçün 2000 dollar maaş vəd etdiyi iddia olunub.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu dünən Təhlükəsizlik Şurasının iclasında Putinə əsasən Yaxın Şərqdən olan 16 min “könüllü”nün Ukraynada döyüşmək üçün müraciət etdiyini deyib.
Bundan sonra Putin “Yaxın Şərq könüllüləri”nin hərbi əməliyyatlara cəlb olunması üçün “yaşıl işıq” yandırıb və onların Ukraynadakı müharibəyə cəlb olunması barədə göstəriş verib.
Ukrayna Prezident Aparatı rəhbərinin müavini Mixail Podolyak bundan sonra bildirib ki, Rusiya İŞİD terrorçularını Ukraynaya gətirməklə “Suriya ssenarisi”ni təkrarlamağı hədəfləyir.
“Türkiyə” qəzetinin iddiasına görə, Bəşər Əsəd Rusiya ordusuna dəstək üçün 30 minlik qüvvə göndərəcək. Nəşr onlardan 10 mininin Ermənistan üzərindən Ukraynaya göndərildiyini, 20 mininin isə gözləmədə saxlanıldığı və ehtiyac yaranarsa tez zamanda göndəriləcəyini iddia edib.
Suriya keçid hökumətinin müdafiə naziri general Həsən Həmadi deyib ki, Əsədin göndərdiyi döyüşçülər arasında talançı “Şəbiha” yaraqlıları ilə yanaşı, “Respublika mühafizəçiləri” də var.
Putinin hər döyüşçü üçün 2 min dollar maaş vəd etdiyini deyən Həmadi komandanlığa 7 min dollar veriləcəyini bildirib.