Bukinqem sarayından Vindzor qəsrinə köçən Kraliça II Yelizaveta haqda yeni xəbərlər yayılmaqdadır. Belə ki, son vaxtlar səhhətindəki problemlərə görə kraliçanın iştirak etməsi nəzərdə tutulan bir çox tədbir ləğv edilib. Bu xəbər onun səhhətindən narahat olanları da bir qədər də təşvişə salıb.
Kraliçanı böyük oğlu təmsil edəcək...
Bu yaxınlarda koronavirusdan sağalan kraliçanın ölkəsinin ən vacib tədbirlərindən biri olan, martın 13-də keçiriləcək Birlik Günü mərasimində iştirak etməyəcəyi açıqlanıb. Bu barədə Bukingem Sarayından verilən rəsmi açıqlamada bildirilib:
"Bu mühüm mərasimdə 95 yaşlı kraliçanı böyük oğlu və varisi şahzadə Çarlz təmsil edəcək".
Verilən açıqlamada kraliçanın hansı səbəbdən mərasimdə iştirak etməyəcəyi haqda məlumat yoxdur. Bunun əvəzinə kraliçanın onlayn olaraq öz fəaliyyətinə davam edəcəyi və bəzən Vindzor qəsrindən üz-üzə qəbullarda olacağı bildirilib. Beləliklə də, Bukingem Sarayından verilən rəsmi açıqlamada qeyd edilməsə də, kraliçanın səhhəti ilə bağlı narahatlıqlar artıb.
Əslində kral ailəsi üçün çox mühüm olan bu mərasim kraliçanın koronavirusdan sağaldıqdan sonra ictimaiyyət qarşısına çıxacağı ilk tədbir olacaqdı.
Kraliça II Yelizaveta ölkəsi və bütün Millətlər Birliyi üçün çox əhəmiyyətli olan bu tədbirdə yalnız 1993-cü ildə qripə yoluxduğu üçün, 2003-cü ildə mədəsində problem yarandığı üçün iştirak edə bilməmişdi.
Qeyd edək ki, Birlik Günü hər il martın ikinci bazar günü keçirilir. Bu mərasimdə Britaniya kral ailəsinin üzvləri ilə yanaşı, Millətlər Birliyinə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri də iştirak edir.
Bir-birinin ardınca gələn zərbələr...
Kraliça II Yelizaveta son vaxtlar bir-birinin ardınca çətin günlər yaşayır. Əvvəlcə o, 74 illik əri, şahzadə Filipi itirdi. Yeniyetməlik illərindən aşiq olduğu və hər zaman yanında olan həyat yoldaşını itirmək kraliça üçün böyük bir sarsıntı oldu. Bir müddət əvvəl isə nəvəsi şahzadə Harri və həyat yoldaşı Meqan Marklın ailəni tərk edib ABŞ-a köçdükdən sonra verdiyi şok açıqlamalar da müəyyən yaşa çatan kraliçaya mənfi təsir göstərmişdi. Bütün bunlara əlavə olaraq ortancıl oğlu şahzadə Endryuya qarşı ABŞ-da açılan cinsi təcavüz iddiası kraliçanı daha da sarsıdıb.