Pakistanın iki şəhərindən Bakıya uçuşlara başlanılır

18:30 14 Mart 2022

“Pakistan International Airlines” aviaşirkəti bu həftədən Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlara başlayır. Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə bu gün AZAL prezidenti Cahangir Əsgərovun Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi ilə işgüzar görüşdə qeyd edilib.

C. Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə stimul verəcək. B. Hayinin sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yeni təkan verəcək.

Görüşdə Azərbaycan ilə Pakistan arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin sərnişin axınının artırılması üzrə perspektiv planlar müzakirə edilib. Tərəflər qeyd ediblər ki, həyata keçirilən əksepidemik tədbirlər COVID-19 ilə bağlı hazırkı vəziyyətin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb.

AZAL prezidentinin Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ilə görüşündə tərəflər arasında ideyalar, proqnozlar, mülki aviasiya sahəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb və iki ölkənin aviaşirkətləri tərəfindən əksepidemik məhdudiyyətlərdən çıxış üçün görülən tədbirlər barədə məlumat verilib. Görüş zamanı C. Əsgərov və N. Yankov Sofiya ilə Bakı arasında aviareyslərin bərpası perspektivlərini müzakirə ediblər.

AZAL prezidentinin sözlərinə görə, Azərbaycanın bütün hava limanlarında beşinci və yeddinci dərəcəli hava məkanı azadlığı tətbiq edilir. C.Əsgərov qeyd edib ki, bu azadlıqlar bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir məhdudiyyət qoyulmadan yerinə yetirməyə imkan verir.

Səfir Nikolay Yankovun sözlərinə görə, gələcək qarşılıqlı faydalı və sıx əməkdaşlıq iki ölkə arasında işgüzar və mədəni əlaqələrin inkişafına xidmət edəcək.



Xəbər xətti