Tokayev Qazaxıstanda idarəetmə formasının dəyişilməsini təklif edib

10:57 16 Mart 2022

Qazaxıstanda idarəetmə forması dəyişməlidir, parlament daha çox səlahiyyətlər əldə edəcək.

Bu barədə Respublika Prezidenti Kasım-Jomart Tokayev parlamentin birgə iclasında xalqa müraciətində deyib.

“Bizə Qazaxıstanın inkişafının siyasi modelini yenidən təşkil etmək üçün ölçülüb-biçilmiş addımlar lazımdır. İlk növbədə söhbət superprezident idarəetmə formasından güclü parlamentə malik prezident respublikasına yekun keçiddən gedir. Belə sistem idarəetmə institutlarının optimal balansının yaradılmasını təmin edəcək və ölkənin davamlı inkişafına töhfə verəcək”.

Tokayev həmçinin dövlət başçısının öz səlahiyyətlərini həyata keçirərkən hansısa partiyanın üzvü olmasını qanuni olaraq qadağan etməyi də təklif edib.

O qeyd edib ki, bu, siyasi rəqabəti artıracaq və bütün partiyaların inkişafı üçün bərabər şərait yaradacaq.

Bundan əlavə, prezident Qazaxıstanda Konstitusiya Məhkəməsinin yaradılmasını təklif edib.

“Baş prokurora və İnsan Hüquqları üzrə Müvəkkilə də Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı verilməlidir. Ümid edirəm ki, bu təşəbbüslər ədalətli və hüquqi dövlət quruculuğu yolunda mühüm addım olacaq”, - deyə Tokayev izah edib.

Digər təşəbbüs prezidentin yaxın qohumlarının hakimiyyətdə və dövlət şirkətlərində vəzifə tutmasının qadağan edilməsi təklifi olub.

Tokayev qeyd edib ki, dövlət başçısı bütün vətəndaşlar üçün bərabər imkanlara təminat verməlidir.



Xəbər xətti