Geostrateji müstəvidə növbəti qələbə

12:00 16 Mart 2022

Ölkəmizin beynəlxalq aləmdəki mövqeyi getdikcə möhkəmlənir. Bu, Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi xarici siyasətin uğurlarıdır. Növbəti belə uğur Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasıdır. Təbii ki, iki qonşu ölkə arasında belə bir sənədin imzalanması tarixi əhəmiyyətə malik hadisədir.

Azərbaycanın regionda mühüm enerji, o cümlədən nəqliyyat və logistika layihələrində fəal iştirakı artıq beynəlxalq aləmdə də dəyərləndirilir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib. Eyni zamanda, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına mühüm təsir göstərib. Bu baxımdan, iki qonşu dövlət arasında imzalanmış memorandum Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi kimi dəyərləndirilməlidir.

Təbii ki, memorandumun qarşıya qoyduğu vəzifələr bir o qədər də asanlıqla başa gəlməyəcək. Ancaq buna baxmayaraq, Azərbaycan həmişə üzərinə götürdüyü öhdəlikləri vaxtında və layiqincə yerinə yetirib. Hətta, koronavirus pandemiyasının tüğyan etdiyi vaxtlarda da digər ölkələrin iqtisadiyyatında geriləmələr müşahidə olunduğu halda, ölkəmiz iri infrasrtuktur layihələrinin reallaşdırılmasını təxirə salmamış, xüsusilə sosial layihələr vaxtında həyata vəsiqə almışdır. İnanırıq ki, memorandumun qarşıya qoyduğu vəzifələr də vaxtında reallaşdırılacaq. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də, rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Bu körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədən keçəcək.

Memorandumda nəzərdə tutulmuş Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanmasının, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclərin Azərbaycan tərəfindən ödənilməsi ölkəmiz üçün elə bir problem yaratmayacaq. Çünki Azərbaycan iqtisadi cəhətdən dünyanın inkişaf etmiş dövlətlərindən hesab olunur. Hətta, dünyanı vahiməyə salan koronavirus pandemiyası da ölkəmizin iqtisadiyyatına fəsad törədə bilmədi.

Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini ordumuzun gücü ilə işğaldan azad etdi və dövlət sərhədləri bərpa olundu. Bu amil Azərbaycanın növbəti diplomatik qələbəsi idi. Ölkəmiz eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda – İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratdı. Azərbaycan bununla öz planlarını reallaşdırdı, Ermənistan isə növbəti dəfə şansını itirərək, mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı.



Xəbər xətti