Ukraynada deputatdan böyük satqınçılıq: Bir şəhəri Rusiya qoşunlarına təslim etdi

16:51 30 Mart 2022

Rusiyanın Müdafiə Nazirliyi ötən gün Ukraynanın Xarkov vilayətinin İzyum şəhərinin “azad olunduğunu” açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bu məlumatı “feyk” adlandırıb və şəhər uğrunda döyüşlərin getdiyini bildirib. İzyum şəhəri Xarkov vilayətinin strateji əhəmiyyətli yaşayış məntəqəsidir və əsas yollar bu şəhərdən keçir, ona görə də İzyumun işğal edilməsi Ukrayna ordusunun şərq cəbhəsində döyüşən hissələrini mühasirə vəziyyətinə sala bilər.

virtualaz.org xəbər verir ki, İzyum uğrunda bir aydan artıqdır şiddətli döyüşlərin getdiyi bir vaxtda rusları şəhərə yerli deputatın keçirdiyi məlum olub. Belə ki, şəhər sovetinin rusiyameylli deputatı Anatoli Fomiçevski İzyuma aparan və ukraynalı döyüşçüləri tərəfindən qorunmayan yolu ruslara göstərib. Üstəlik özü də işğalçı qoşunlara bələdçilik edərək onları şəhərə daxil edib. Bu haqda İzmir şəhər sovetinin gənclər və idman idarəsinin rəisi Maksim Strelnik özünün Facebook səhifəsində yazıb.

 

“İzyum təslim olmur. Şənbə günü, martın 26-da məlumatlar daxil olmağa başladı ki, şəhərə Rusiya işğalçıları daxil olmağa başlayıb. Məlum oldu ki, onlar nəinki şəhərə daxil olublar, üstəlik dövlət xaini Anatoli Fomiçevski İzyuma aparan, qorunmayan yolu onlara göstərib. Məhz ona görə Rusiya işğalçıları şəhərə xəlvəti daxil ola biliblər, amma Ukrayna Silahlı Qüvvələri təslim olmur və İzyum uğrunda işğalçılarla amansız döyüşlər aparır”, - o bildirib.

Strelnikin sözlərinə görə, bu döyüşlərdə şəhərin dinc sakinləri girova çevriliblər. O bildirib ki, əgər yolu göstərən olmasaydı işğalçılar heç vaxt İzyuma daxil ola bilməzdi. “İndi isə xainlərə görə İzyum tam mühasirəyə düşüb və ora humanitar yardım çatdırmaq imkanı yoxdur”, - Strelnik yazıb.



Xəbər xətti