300 osetiyalı əsgər Ukraynada döyüşməkdən imtina edib

16:28 31 Mart 2022

Rusiyanın Gürcüstandan işğal etdiyi və bu yaxınlarda ərazisinə qatmağa hazırlaşdığı qondarma “Cənubi Osetiya Respublikası”nın 300-ə yaxın hərbçisi Ukraynada döyüşməkdən imtina edib və evlərinə qayıdıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı yerli bloger Oleq Puxayev məlumat yayıb.

Osetiyalı jurnalist Ruslan Totrov isə həmin əsgərlərin Ukraynada Rusiya komandanlığına nümayişkaranə surətdə tabe olmayaraq, əməliyyat bölgəsini tərk etdiklərini yazıb. Onun sözlərinə görə, əsgərlər onları dayandıracaq hər kəsi avtomatla güllələyəcəklərini söyləyiblər. Həmin qrup polis konvoyunun müşahidəsi altında Cənubi Osetiyaya sağ-salamat geri dönüb.

Ruslan Totrov insidentdə əsas günahkar olaraq ruslara yaltaqlanmaq üçün osetinləri Ukrayna cəbhəsinə göndərən qondarma qurumun “prezidenti” Anatoli Bibilov olduğunu yazıb. Onun bildirdiyinə əsasən, burada Rusiya prezidentinin keçmiş müşaviri Vladislav Surkovun Anatoli Bibilov üzərində təsirinin də rolu böyükdür. Osetiyalı əsgərlər isə Rusiya ordusunun tərkib hissəsində vuruşmaq istəmirlər.



Xəbər xətti