Putinin dəbdəbəli aksesuarları: “O bunun üçün 6 illik maaşını avans alıb”

09:45 3 Aprel 2022

Rusiya ilə Ukrayna arasında gedən müharibənin 5-ci həftəsində Britaniya mediası Rusiya lideri Vladimir Putinin dəbdəbəyə olan marağının təfərrüatlarını açıqlayıb.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, İngiltərənin nüfuzlu qəzeti “The Times” Putinin zənginlik və dəbdəbəyə olan marağının uzun illərdir davam etdiyinə diqqət çəkib.

Məqalədə qeyd olunur ki, Kreml Rusiya prezidentini xalqın adamı kimi qələmə verir, amma o, aclıq həddində yaşayan 16 milyondan biri deyil.

Qəzet yazır ki, ötən həftələrdə Moskvanın “Lujniki” arenasında keçirilən mitinqdə Putinin geyindiyi “Loro Piana” markalı italyan gödəkçəsinin qiyməti təxminən 13 min dollar olub. Rəsmi məlumatlara görə isə, Rusiyada prezidentin ortalama maaşının 8 min 200 dollar olduğu da vurğulanıb.

“6 illik maaşını avans alıb”

Qəzet 2015-ci ildə Qırmızı Meydanda güllələnərək öldürülən müxalifətçi Boris Nemtsovun Putinin villaları, çoxlu təyyarələri, dəbdəbəli saatları və bahalı avtomobil parkı olduğunu yazdığına diqqət çəkib. Onun vəzifəyə gəldiyi 2000-ci ildən bəri Rusiyanın müxtəlif bölgələrində ən az 20 dəbdəbəli evi olduğu bildirilir. Həmçinin, “İlyuşin II-96” tipli şəxsi təyyarəsində idman zalı və 65 min dollar dəyərində qızılla örtülmüş tualetlər olduğu iddia edilir.

Qəzet eyni zamanda, Nemtsovun o vaxt “Bu pullar vergi ödəyicilərindən gəldiyi üçün onun vecinə deyil” şərhinə və digər müxalifətçi Aleksey Navalnin də Putinin 439 min dollarlıq saat istifadə etdiyinə də istinad edib. Hazırda həbsdə olan Navalni bu məbləğin Putinin 6 illik maaşına bərabər olduğunu deyib: “O, platin korpus “A Lange & Söhne” markalı saatı taxır. Yəqin ki, o, növbəti 6 ilin avansını istəyib və hamısına saat alıb”.

Rəsmi məlumatlara görə, Putin prezident vəzifəsindən ildə 121 min dollar qazanır. Ötən il rusiyalı müxalifətçi Navalni Qara dəniz sahilində Putinə özəl dəbdəbəli və qorunan nəhəng villanın tikildiyini açıqlamışdı. Villada qızılla örtülmüş tualet fırçası və tualet kağızı tutacağının olduğu iddia edilsə də, Putin bu iddiaları təkzib etmişdi.

“Forbes” jurnalı da Putinin sərvətini “dünyanın ən mürəkkəb sərvət mənbəyi” kimi şərh edib.



Xəbər xətti