Almaniyanın Rusiyadan kömür idxalına dərhal qadağa qoyulacağı təqdirdə bəzi elektrik stansiyalarının fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağı ehtimal edilir.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin hesabatına istinadən “Reuters” agentliyi məlumat yayıb.
Sənədə əsasən, Almaniyanın bu növ qalıq yanacağının ümumi idxalında Rusiya kömürünün payı yaxın bir neçə həftə ərzində müqavilələrdə edilən son dəyişikliklərə görə yarıya qədər - 25%-ə qədər azalacaq. Payızda Almaniya Rusiyadan kömür idxal etməyəcək. Bununla belə, qeyd edilir ki, Rusiyadan kömür tədarükünün dərhal dayandırılması bir neçə həftədən sonra onun qıtlığına gətirib çıxaracaq.
Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek mətbuat konfransında deyib ki, Almaniya ardıcıl olaraq Rusiya enerjisindən asılılığı azaltmaq üçün addımlar atır.