Əminliklə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfəri, burada rusiyalı həmkarı Sergey Lavrov və KTMT-nin Baş katibi Stanislav Zas ilə görüşlər keçirməsini İrəvan üçün “soyuq duş” adlandırmaq olar.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi müşahidəçi Tevos Arşakyan deyib.
O bildirib ki, Moskvada Ermənistanın dövlətçiliyi üçün acı nəticələr olsa da, Azərbaycanın xeyrinə son seçim edilib:
“Bizə aydındır və hətta əminik ki, milli təhlükəsizliyimiz məsələsində artıq Rusiyaya arxalana bilməyəcəyik. Etiraf edirəm, Mirzoyanın Lavrovun aqressiv hücumlarına ləng, rus dilində qırıq-qırıq necə müqavimət göstərdiyini görmək çox xoşagəlməz idi. Eyni zamanda onu deyim ki, biz Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşündə Lavrovun İrəvanın qarşısında bütün suallarını necə kəskin şəkildə qoyduğunu da gördük. O, bir ağa kimi öz təhkimçisini sərt şəkildə danlayır, suveren dövlətin XİN rəhbəri Mirzoyanın təntənəli şəkildə sözünü kəsir və düzəldirdi”, - deyə erməni ekspert bildirib.
Arşakyan qeyd edib ki, sanki Mirzoyanın yanında dayanan Lavrov deyil, Ceyhun Bayramov idi:
“Rusiya diplomatiyasının rəhbərinin səsləndirdiyi tezislər Azərbaycanın mövqeyi ilə o qədər üst-üstə düşürdü ki! Bu, Azərbaycan diplomatiyasının qələbəsidir və Ermənistan dövlətçiliyinin sonudur”.