“Avropa İttifaqının (Aİ) Məsləhətçi Missiyası Rusiya qüvvələrinin Ukraynadakı hərbi cinayətlərinə dair sübutların toplanmasına kömək edəcək”.
Qafqazinfo xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində iclasından sonra keçirilən brifinqdə bildirib.
“Mən Kiyevə səfərimlə bağlı nazirlərə məruzə etdim və biz münaqişənin müxtəlif aspektlərini nəzərdən keçiririk. Səhər Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru ilə görüşümüz oldu. Ona görə də ilk məsələ Beynəlxalq hüququn kobud şəkildə pozulmasına görə Rusiyanı necə məsuliyyətə cəlb etmək idi. Biz müharibə cinayətlərinin sənədləşdirilməsinə kömək edəcəyik.
Bu gün səhər Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru ilə, eləcə də Ukraynanın Baş Prokuroru ilə videokonfrans zamanı vəziyyəti müzakirə etdik. Biz həm prokurorları maddi, həm də yerlərdə komandamızın köməyi ilə dəstəkləyəcəyik. Aİ Məsləhətçi Missiyası hələ müharibədən əvvəl də Ukraynada olub, indi təhqiqat və sübutların toplanmasını təmin etmək üçün Ukraynanın Baş Prokuroru ilə əməkdaşlıq məqsədilə hərəkətə keçəcək”, - Borrell deyib.