Fevral ayının sonundan etibarən milyonlarla insan qaçqın qismində Ukraynanı tərk edib. Onların çoxu cavan qız və orta yaşlı qadındır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə və Qərb mətbuatında Avropada “insan alverçiləri” dəstələrinin ukraynalı qadınları “ovlamaq”, onları guya kömək və mənzil vədləri ilə aldatması barədə materiallar çoxalır.
BMT-nin hesabatında xüsusilə bildirilir ki, minlərlə ukraynalı qız və qadın müharibədən xilas olmaq ümidi ilə xaricə, ələlxüsus Polşa, İngiltərə və Almaniyaya təkbaşına yola düşür. Onlar harada, necə və hansı pula yaşayacaqlarını bilmədən Avropaya üz tuturlar.
Sosial şəbəkələrdə artıq avropalıların ədəbsiz elanları da peyda olub. Məsələn, “Ukraynalı xanımlara yaşamaq üçün evimi, yatağımda isə boş bir yer təklif edirəm” kimi.
“Avropada Ukraynadan qaçqınlara əsl ov elan ediblər”, - deyə ABŞ-ın “Çikaqo Tribun” (Chicago Tribune) nəşri yazır. Təcavüzkarlar köməyə ehtiyacı olan ukraynalı qadınlara və onların ailələrinə guya təhlükəsiz mənzil vəd edirlər. Bir neçə gün “sakit” həyatdan sonra isə həmin qadınlara qarşı təcavüzlər başlayır. Bununla bağlı, məsələn, Polşa polisində artıq yüzlərlə şikayətin olduğu bildirilir.
Özü də söhbət bütün dünyada öz gözəlliyi ilə tanınan ukraynalılardan gedir. Təbii ki, bu, insan alveri ilə məşgul olanları fəallaşdırır. Onlar ölkələrinə gələn qızları birbaşa stansiyalarda, hava limanlarında “ovlamağa” başlayırlar. Ən işlək vədləri isə “təmannasız yemək və ev veririk” sözləridir.
Aydındır ki, uşaqlı qadınlar öz övladlarının qarınlarını doydurmaq, onları ev ilə təmin etmək üçün bir çox hallarda bu təkliflərə inanıb tələyə düşürlər.
Onu da qeyd etmək vacibdir ki, bu tip insanlar heç bir şey ilə risk etmirlər. Çünki Avropanın bir çox ölkələrində fahişəlik qanunla cəzalandırılmır. Almaniya və Polşa isə hələ 2000-ci illərin əvvəllərində fahişəliyi leqallaşdırıb. Bu sahədə “çalışanlar” tibbi sığorta alırlar və vergi ödəyirlər. Məhz bu səbəbdən Almaniya və Polşa küçələrində “sevgi kahinlərini” asanlıqla tapmaq olur, Berlində hətta “Alman fahişələr Konqresi” də fəaliyyət göstərir.
Təbii ki, bu konteksdı hazırda ən zəif olanlar Ukraynadan olan qaçqınlardır. Onların bir çoxu aclıq, səfalət içərisindədir, üstəlik, onlardan bir çoxu heç xarici dili də bilmir.
Qərb mətbuatına inansaq, hazırda bu qlobal problem ilə bağlı müzakirələr gedir, hətta artıq Polşa sərhədində qadınlara xüsusi hazırlanmış bukletlər paylanır. Bildirişlərdə ölkə ərazisində insan alverçilərinin qurbanı olmamaq üçün təlimatlar yer alıb. Hətta bununla bağlı xüsusi “qaynar xəttin” açıldığı da bildirilir.