Ermənistan Baş naziri Nikol Paşinyanın və onun rəhbəri olduğu Mülki Müqavilə Partiyasının parlament fraksiyasının deputatlarının iki gündür sərgilədiyi mövqe sosial şəbəkələrin Azərbaycan seqmentində də ciddi müzakirə edilir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin 10 müxalif deputatının rus sülhməramlıları tərəfindən Qarabağa buraxılmamasını dolayısı ilə dəstəkləyən hakim fraksiya deputatlarının sülh danışıqlarının hazırda sürətlənməsi fonunda təxribatlardan sığortalanmağa çalışmaları diqqət çəkir.
Baş nazir Nikol Paşinyanın keçmiş və qondarma “dq”nin statusu məsələsində “plankanı aşağı salmaq”, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər isə onun erməni cəmiyyətinə reallığı izah etməsi kimi izah edilir.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan arda-arda ikinci gündür cəmiyyətinə reallıqları anlatmağa çalışır:
“O, dünən Qarabağın “müstəqil” olmayacağını, yalnız Azərbaycanın deyil, beynəlxalq aləmin də buna imkan verməyəcəyini səsləndirmişdisə, parlamentin bugünkü iclasında “erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır” ifadəsini işlətdi. “Bu gün Ermənistanın müstəqil ölkə olduğunu və qərar vermək haqqının ölkəmizə qayıtmasına çalışdığımızı deyirəm” bildirən Paşinyan hansı dövlətin qurbanlıq qoyunu olduqlarını açıq deməsə də, ünvan bəllidir: Rusiya!”
Bəzi politoloqlar isə Paşinyanın öz ölkəsini hazırda sanksiyalar altında ağır sınaqlarla üz-üzə qalan Rusiyanın təsir dairəsindən çıxarmaq üçün çalışdığını da qeyd ediblər. Bunun bir səbəbi Paşinyanın qərbmeyilli olmasıdırsa, digər səbəbi “batan gəmidən qaçmaq” istəyidir.