Gürcüstan Rusiya qazının ödənişini rublla həyata keçirməklə bağlı müraciət almayıb.
Report-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasından “Business Media” nəşrinə bildirilib.
Qeyd olunub ki, bu ilin yanvar-fevral aylarında Gürcüstan 116 milyon ABŞ dolları dəyərində təbii qaz idxal edib ki, bunun da 99 milyon ABŞ dolları Azərbaycan, 17 milyon ABŞ dolları isə Rusiyanın payına düşüb.
Qonşu ölkənin əsas qaz tədarükçüsü Azərbaycandır. Son illərdə Rusiyadan idxal edilən təbii qazın həcmində artım müşahidə olunur. Belə ki, Rusiya 2020-ci ildə Gürcüstanın təbii qaza olan tələbatının 12 %-ni, 2021-ci ildə isə 22 %-ni təmin edib.
Aprelin 1-dən Rusiya təbii qaz ixrac etdiyi qeyri-dost ölkələrdən ödənişi rublla tələb etməyə başlayıb. Avropa İttifaqı ölkələri bu tələbi qəbul etməyib. İttifaqda Rusiya qazının tədarükündən imtinanı istisna etmirlər.
Ermənistan Rusiyadan aldığı təbii qaza görə ödənişləri rublla həyata keçirməyə artıq başlayıb.