Müharibə nəticəsində Ukraynanın bütün infrastrukturunun 30%-ə qədəri zədələnib və ya dağıdılıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov deyib.
“Dağıdılmış infrastrukturun ümumi dəyəri 100 milyard dollardır. Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək, iki il ərzində hər şeyi yenidən qurmaq mümkün olacaq. Respublika əhəmiyyətli avtomobil yollarında 300-dən çox körpü dağıdılıb və ya zədələnib, onlarla dəmir yolu körpüsü uçurulub, səkkiz min kilometrdən çox yolun təmirə və ya bərpasına ehtiyac var”, - Kubrakov bildirib.
Nazir əlavə edib ki, Ukraynanın bərpası üçün Qərbdən dəstək gözləyir:
“Bir sıra mənbələrdən, xüsusən də Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə bərpa üçün vəsait əldə etmək olar. İndi Ukrayna Ədliyyə Nazirliyi müttəfiqləri ilə birlikdə bu istiqamətdə işləyir. Variantlardan biri kimi Rusiyanın həbs edilmiş aktivlərini satmaqla nağd pul toplamaq ola bilər”.