Avropa Komissiyası, Avropa Parlamenti (AP) və Avropa Şurası "Rəqəmsal xidmətlər qanunu" ilə bağlı danışıqlarda razılığın əldə edildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Razılığa əsasən Feysbuk, Yutub və Tvitter kimi sosial platformaların məzmunu istifadəçilər üçün daha təhlükəsiz olacaq.
Buna uyğun olaraq, platformalarda yeni sərt qaydalar tətbiq ediləcək. Yəni, adı çəkilən sosial şəbəkələrin zərərli və qanunsuz məzmunlarla bağlı ciddi məsuliyyəti artırılacaq, həmin məzmunlara ciddi nəzarət olunacaq.
Bundan başqa, internet istifadəçilərinin əsas hüquqları daha yaxşı qorunacaq. Əgər zərərli məzmunlar aşkarlanarsa, platforma onu siləcək. Eyni zamanda, dezinformasiyanın da qarşısı alınacaq.
Avropa Birliyində 45 milyondan çox istifadəçisi olan böyük rəqəmsal platformalar daha sərt qaydalara əməl etməli olacaq və bu platformalar Avropa Komissiyası tərəfindən yoxlanılacaq.
Qeyd edək ki, qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq olunacaq. Əgər təkrar pozuntular olarsa, sözügedən rəqəmsal platformaların AB-dəki fəaliyyətinə xitam verilə bilər.
/Axar.az