Bir çox müşahidəçi hər iki tərəfin yalnız danışıqlar yolu ilə həll oluna biləcək uzunmüddətli dalana doğru getdiyini iddia edir. Mən isə hesab edirəm ki, bu, belə deyil. Ukraynalılar rusları işğal etdikləri torpaqlardan qovacaqlar.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu məşhur amerikalı filosof Frensis Fukuyama “Americanpurpose.com” saytında yazdığı məqaləsində bildirib.
Fukuyama Ukraynanın qələbə çalmasını zəruri edən bir neçə səbəbi açıqlayıb:
“Birincisi, ABŞ və onun NATO müttəfiqləri Vladimir Zelenskinin hərbi yardım tələbinə cavab verərək, indi Ukraynaya daha çox texnika göndərirlər ki, bu da Rusiyanın hərbi üstünlüklərinin çoxunu yox edəcək.
İkincisi, rusların döyüş ruhu olduqca aşağı olaraq qalır. Ukraynanın şimalından çıxarılan bölmələr dincəlməyə və qruplaşmağa imkan tapmamış Donbasa göndərildilər. Bu gün onlar canlı qüvvə və zirehli texnika baxımından böyük itki veriblər, ola bilsin, bir neçə general da itiriblər. Rusların işğal olunmuş ərazilərdə törətdiyi vəhşiliklərin şahidi olan ukraynalılar isə qələbəyə daha da həvəsləniblər”.
Fukuyamanın sözlərinə görə, Rusiyanın çağırış üçün canlı qüvvə və ehtiyat qoşunu yoxdur, ordusu da Donbasda yavaş-yavaş tükənir:
“Əgər müharibə Rusiyanın fevralın 24-dən bəri işğal etdiyi ərazilərdən çıxması ilə yaxın həftələrdə sona çatarsa, Putin heç bir ərazi qazancı olmadan yeni ordusunu məhv edəcək və ölkəsini Şimali Koreya səviyyəsində təcrid vəziyyətinə salacaq. Bu səviyyədə uğursuzluq həm Rusiyanın özü, həm də onun arxasında duran bütün populistlər üçün ciddi nəticələr doğuracaq. Və Ukraynanın mübarizəsi Rusiyanın məğlubiyyəti ilə bitməyəcək”.