"Heç kim III Dünya müharibəsinin başlanmasını görmək istəmir. Ümid edirik ki, iştirak edən tərəflər soyuq ağılla düşünüb təmkinlə hərəkət edəcək, gərginliyin artmasının qarşısını alacaq və sülhü mümkün qədər tez təmin edəcək. Avropaya və dünyaya daha ağır bədəlini ödətdirməkdən çəkinəcəklər".
Sitat.info Ölkə.Az-a istinadən xəbər verir ki, bunu Çin xarici işlər nazirliyinin sözçüsü Vanq Vınbin Rusiya XİN başçısı Sergey Lavrovun "Üçüncü Dünya Müharibəsinin başlamasının real təhlükədir" bəyanatına Pekinin mövqeyini açıqlayarkən deyib.
O deyib ki, heç kim Rusiya-Ukrayna müharibəsinin yeni dünya müharibəsinə səbəb olmasını istəmir.
Mövcud şəraitdə bütün tərəflərin prioritetinin münaqişələrin yayılmasının və uzanmasının qarşısını almaq üçün dialoq və danışıqları təşviq etmək olduğunu vurğulayan Vanq əlavə edib ki, Avropa soyuq müharibənin sona çatmasından 30 ildən çox vaxt keçdikdən sonra yenidən münaqişə ilə üzləşir: "Bir daha çox tarazlaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasının necə həyata keçirilə biləcəyi, bunun necə qurulacağı və qlobal təhlükəsizlik idarəetmə sisteminin necə gücləndiriləcəyi barədə düşünməliyik”.
Vanq eyni zamanda Avstraliyanın müdafiə naziri Piter Duttonun "tezliklə regional münaqişə başlayacaq və Avstraliya müharibəyə hazır olmalıdır" və "Çinin ambisiyaları artıb" sözlərinə reaksiya verib: "Bəzi avstraliyalı siyasətçilər öz eqoist siyasi mənfəətləri naminə qeyri-ciddi şərhlər verir və Çinə qarşı müharibə ilə bağlı hay-küy salırlar. Çin xalqı və beynəlxalq ictimaiyyət bu cür ucuz addımların məqsədini yaxşı bilirlər" .