General: Putinin Ukraynada 1 nömrəli tapşırığı...

10:40 28 Aprel 2022

Rus ordusu indi Mariupolu ələ keçirməyə çalışır. Bundan sonra daha da irəliləmək üçün oradan Donetsk və Luqansk vilayətləri istiqamətlərinə, o cümlədən cənuba doğru hərəkət edəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun generalı, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj deyib.

O bildirib ki, hazırda ruslar əsas qüvvələrini ilkin kəşfiyyat hücumu üçün cəmləşdirir:

“Ukraynanın müdafiə sistemini sıradan çıxarmaq üçün Donetsk və Luqansk vilayətlərinin bəzi bölgələrindən fasiləsiz hücumlar olur. Məncə, əsas qoşunların cəmləşməsi hələ qabaqdadır. İndi Rusiya ərazisindən gələn qoşunlar şimalda və Belqorodda silahlı qüvvələri yenidən formalaşdırır. Bunlar Kiyev, Çerniqov və Sum vilayətlərindən geri çəkilən, eləcə də Rusiyanın cənub və mərkəzi federal rayonlarından, həm də Uzaq Şərqdən, Uraldan gətirilən yeni hərbçilərdir. Biz görürük ki, format yüksəlir”, - general bildirib.

Malomuj qeyd edib ki, Putin üçün 1 nömrəli tapşırıq indi Mariupoldur:

“Çünki ora Ukrayna əsgərlərinin dözümlülüyünün simvoludur. Bəlkə də Putin deyib ki, “Azovstal”a hücum etməyin. Amma ora bombardman edilir, davamlı hücumlara məruz qalır. Rusiya hərbçilərinin vəzifəsi Mariupolu ələ keçirmək, sonra oradan əsas qüvvələri Donetsk və Luqansk bölgələrinə köçürməkdir. Digər tərəfdən, bu gün onların Ukrayna ordusunu mühasirəyə alması, cinahlardan hücumlar həyata keçirməsi üzrə xüsusi əməliyyatları üçün son dərəcə vacib olan İzyum istiqamətini də unutmaq olmaz. Və təbii ki, Ukraynanın cənubu - bu gün ruslar burada xeyli itki verir”.



Xəbər xətti