Ukrayna prezidenti Volodimir Zelenski müharibənin gedişi ilə bağlı yeni açıqlamalar verib.
SİTAT.İNFO xəbər verir ki, Zelenski Rusiyanın 24 fevraldan bəri Ukraynada 31 mindən çox əsgər itirdiyini açıqlayıb.
Ukrayna prezidenti Volodimir Zelenski bu sözləri deyib: "Ukraynada 31 mindən çox rus əsgəri həlak olub. Fevralın 24-dən etibarən Rusiya hər gün 300-ə yaxın əsgəri ilə Ukraynaya qarşı bu mənasız müharibənin bədəlini ödəyir. Yenə də gün gələcək ki, itkilər hətta Rusiya üçün də mümkün həddi keçəcək”.
Zelenski cəbhə xəttindəki son vəziyyət barədə də məlumat verib: "Fevralın 24-də hücuma keçən Rusiya Ukraynaya bomba yağdırmağa davam edir. Amma Ukraynada cəbhə xəttindəki vəziyyətdə ciddi dəyişiklik olmayıb. Donbasın qəhrəmancasına müdafiəsi davam edir. Ən qaynar nöqtələr hələ də eynidir. İndi onlar Donbas istiqamətində əlavə resurslar paylamağa çalışırlar. Necə ki, onlar Xerson bölgəsində etdikləri kimi, bizim hərəkətlərimizə nəzarət etmək üçün ora yeni bölmələr köçürürlər”.