Rusiyanın Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə hücumu nəticəsində onlarla adamın hələ də itkin düşdüyü açıqlanıb.
Sitat.info xəbər verir ki, ən azı 18 nəfərin öldüyü, 59 nəfərin yaralandığı hücumda, Ukrayna xüsusi olaraq mülki şəxslərin hədəf alındığını iddia edir.
Rusiya isə hücumun hədəfinin hərbi anbar olduğunu iddia edib.
Moskva ticarət mərkəzinin yaxınlığında Qərb silahları olan anbarın vurulduğunu deyir.
Rusiya Müdafiə Nazirliyi bu anbarın yaxınlığında yerləşən Kremençuk ticarət mərkəzinin də partlayışdan zərər çəkdiyini iddia edib.
Hücum zamanı yaralanan texnologiya mağazasının 26 yaşlı əməkdaşı Maksim Musienko BBC-yə bildirib ki, hadisə zamanı içəridə azı 100 müştəri olub.
Ukrayna dövlət rəsmiləri hücum nəticəsində 36 nəfərin hələ də itkin düşdüyünü açıqlayıb. Ölkə lideri Vladimir Zelenski də BMT-dən Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmağı tələb edib.
Zelenski Rusiyanı “terrorçu dövlət” olmaqda ittiham edərək, BMT-ni Kremençuku ziyarət etməyə çağırıb.
Ləman Sərvanqızı
Sitat.info