Ukrayna Prezidenti Vladimir Zelenski bir daha Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu vurğulayıb.
SİTAT.İNFO UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zelenski Danimarkada media nümayəndələri üçün onlayn mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Rusiya ordusunun dayanıb-dayanmayacağına yalnız bu ölkənin prezidenti qərar verir.
“Rusiya müharibəni bitirmək istəyirsə onlar danışıqlar masası arxasına əyləşməlidirlər. Danışıqlar masası Ukraynasız mümkün deyil. Ona görə də bu birbaşa aparılmalıdır. Biz həm vasitəçilərlə həm də vasitəçilərsiz danışa bilərik. Əgər Rusiya Federasiyası müharibəni bitirməyə və ərazilərimizi tərk etməyə hazırdırsa, mən şəxsən hər an belə formata hazıram”, - deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, nə qədər çətin olsa da, müharibəni bitirmək üçün bütün imkanlardan istifadə edilməlidir.//APA