Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib.
SİTAT.İNFO “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd olunub ki, yoluxan şəxs virusu yüngül formada keçirib və müvafiq müalicədən sonra evə yazılıb. Onun Avropaya səfər tarixçəsi var və təmasda olduğu şəxslər də həmçinin nəzarətdə saxlanılıb.
Milli Mərkəz meymunçiçəyinə yoluxma ilə bağlı bütün şübhəli hallar üzrə araşdırmaları davam etdirəcəyini açıqlayıb.
Tibb elmləri doktoru, professor Adil Qeybulla baku.ws-ə açıqlamasında bildirib ki, Azərbaycana meymunçiçəyinin gəlməsi tam realdır: "Biz qloballaşan dünyada yaşayırıq və virusun ölkəmizə gəlməsi real görünür. Bunu kim desə ki, meymunçiçəyi vriusu Azərbayacana gələ bilməz, bu yanaşma yanlışdır.
Nə qədər ki, rəsmi dairələr bu virusun ölkədə olmasını təsdiq etməyib, bunu birmənalı təsdiq edə bilmərik. Meymunçiçəyi təkcə klinik əlamətlərlə deyil, laborator olaraq da təsdiq olunmalıdır. Bununla bağlı lazım olan karantin tədbirləri görülməlidir. Ən əsası isə əhali bu istiqamətdə maarifləndirilməlidir.
İnfeksiya ölkəyə hər hansı yolla gələ bilər. Bunu heç həmin şəxsin özü də bilməyə bilər. Burada əsas məsələ əhalinin bu infeksiyaya qarşı necə mübarizə aparmasıdır. Bu istiqamətdə ciddi işlər görülməlidir.
Bəzən sosial şəbəkədə məsuliyyətsiz həkimlər peyda olur ki, hamını aldadırlar. Bunun nəticəsi olaraq insanlarda yanlış təsəvvürlər formalaşmağa başlayır. Pandemiyanı real nəticələrdən sonra inkar etmək böyük çaşqınlıq yaradır. Nəticə olaraq bir qrup insan da bu cür dezinformasiyaların arxasınca sürünürlər".