Severodonetsk DƏHŞƏTİ! Minlərlə dinc sakin mühasirədə qalıb: Su və ərzaq bitib...

11:54 16 İyun 2022

Birləşmiş Millətlər Təşkilatı Ukraynanın şərqində Rusiya ordusunun ağır hücumlarına məruz qalan Severodonetskdə minlərlə mülki şəxsin qapalı vəziyyətdə qalması və onların yaşamı üçün gündəlik tələbat məhsullarının  tükəndiyi barədə xəbərdarlıq edib.

SİTAT.İNFO xəbər verir ki, mülki vətəndaşların əksəriyyəti şəhərdəki Azot Kimya Zavodunun altındakı sığınacaqlardadır.

Bu həftənin əvvəlində Rusiya qüvvələri tərəfindən şəhərə girişi təmin edən sonuncu körpünün dağıdılması ilə şəhərdəki təxminən 12 min mülki şəxs de-fakto şəhərdə çarəsiz qaldı.

BMT-nin Humanitar Koordinasiya Ofisindən Saviano Abreu, BBC-yə verdiyi açıqlamada deyib ki, su və təmizlik vasitələrinin çatışmazlığı ən böyük narahatlıqdır. Şəhərdəki qida və dərmanlar da tükənməyə başlayıb.

BMT regiona humanitar yardım çatdırmağa ümid etsə də, davam edən şiddətli münaqişə şəhərdəki mülki əhaliyə əlçatımlığı mümkünsüz edir.

BMT-nin xəbərdarlığından sonra Rusiya çərşənbə günü humanitar dəhliz açacağını və mülki insanları təxliyə edəcəyini vəd etsə də, hələlik heç bir tədbir görülməyib.

Rusiyanın şəhərin şimalında nəzarət etdiyi bölgəyə mülki insanları təxliyə edəcəyi gözlənilir. Digər tərəfdən Rusiya sığınacaqlarda ukraynalı döyüşçülərin olduğunu iddia edərək, Ukraynanı mülki şəxslərdən qalxan kimi istifadə etməkdə ittiham edib.

Müharibəni Ukraynanın şərqindəki rusiyapərəst separatçı bölgələrdə cəmləşdirən Rusiya həftələrdir davam edən şiddətli bombardmanlardan sonra Severodonetskin böyük hissəsini nəzarətə götürdü.

Rus separatçılarının yerləşdiyi Luqansk vilayətində Ukrayna qüvvələrinin nəzarətində olan son iki yer Severodonetsk və yaxınlıqdakı Lisiçansk olub. Bu iki bölgə Donbas kimi tanınır.

Severodonetskin nəzarət altına alınması Rusiyanın bütün Luqansk bölgəsinə nəzarət etməsi deməkdir.

Şəhər meri Telegram-da verdiyi son məlumatda şəhərin şərqinin hələ də Ukrayna qüvvələrinin nəzarətində olduğunu bildirib.

Bu arada NATO Ukraynaya ağır silahlar göndərməyə davam edəcəyinə söz verib.

Lamiyə Xəqani,

SİTAT.İNFO

 



Xəbər xətti