Ukraynanın fintex şirkəti: “Müharibə başqa bazarlara daxil olmaq üçün imkan yaradıb”

10:08 17 İyun 2022

Ukraynanın digital ödəniş şirkəti “Moneyveo” Azərbaycan bankları ilə əməkdaşlığa başlamaq istəyir.

Bunu “APA-Economics”ə açıqlamasında “Moneyveo” İdarə heyətinin sədri Alyona Andronikova deyib. O bildirib ki, hazırda müharibə fintex şirkətinin işinə mənfi təsir edib: “Ukraynada fəaliyyətimizi tamamilə dayandırmışıq. Bilirsiniz ki, müharibə olan yerdə biznesin davam etməsi mümkünsüzdür. Biz də işimizi dayandırmaq məcburiyyətində qaldıq. Hazırda isə müxtəlif bazarlara daxil olmaq üçün sammit və sərgilərə qatılırıq”.

Alyona Andronikova Ukraynada baş verən müharibənin, eyni zamanda onlar üçün yeni fürsətlər tanıdığını qeyd edib: "Şirkətlərə imkan yaranıb ki, bizneslərini digər ölkələrdə, o cümlədən Azərbaycanda inkişaf etdirsinlər. Bunu nəzərə alaraq, hazırda Azərbaycan maliyyə təşkilatları ilə əməkdaşlığı nəzərdən keçiririk. “Moneyveo” “PAŞA Bank”la əməkdaşlığı müzakirə edir. Əməkdaşlıqla bağlı müsbət irəliləyişin olacağını gözləyirik".

Şirkət rəhbəri qeyd edib ki, Fintex Sammiti çərçivəsində digər Azərbaycan şirkətləri ilə görüşlər keçirilib: "Ola bilər ki, Azərbaycan şirkətlərinə müxtəlif texnoloji xidmətlər, o cümlədən B2B ilə bağlı xidmətlər və bununla bağlı nümunələr təqdim edə bilərik".

Alyona Andronikovanın sözlərinə görə, bununla belə, qanunvericiliklə bağlı müəyyən baryerlər Azərbaycan bazarına daxil olmağa mane olur. Bunlardan biri identifikasiyanı dərhal müəyyən edən elektron imza ilə bağlıdır. "Bilirsiniz ki, onlayn xidmətlər çox tez, operativ şəkildə işləməlidir ki, bu maliyyə xidmətləri vətəndaşlar üçün dərhal əlçatan olsun".

O qeyd edib ki, digər məsələ kibertəhlükəsizliklə bağlıdır. Onlayn bizneslərdə identifikasiya və şəxsiyyəti təsdiqləmə proseslərinin onlayn həyata keçirilməsi çox zəruridir. Ukraynada bu prosesi qanunvericilik tənzimləyir. Sadəcə 10 saniyə ərzində identifikasiya və verifikasiya prosesini həyata keçirə bilirik. Azərbaycanda da qanunvericiliyin bu istiqamətdə təkmilləşdirilməsi fintex və digər texnoloji şirkətlərin istifadə imkanlarını genişləndirə bilər".

 

 

 



Xəbər xətti