Xəstəlik iddialarına şok cavab: “Putin sağ ikən özünü mumyalayır”

13:43 17 İyun 2022

Müharibə başlayandan bəri Rusiya lideri Vladimir Putinin səhhəti ilə bağlı çoxlu xəbərlər yayılıb. Bəzən xərçəngə tutulduğu deyilib, bəzən müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi iddia edilib. Ancaq bəzi ekspertlər reallığın çox fərqli olduğunu deyirlər.
Rusiya lideri Vladimir Putin vəzifəyə gəldiyi gündən keçmişində  KQB üzvü olması,  izlədiyi siyasət, maraqlı hobbilərindən tutmuş ailə həyatına qədər bir çox aspektlərdə diqqət çəkib.

Sürətli şəkildə liderlik pillələrini qalxan və 2000-ci ildən ölkədə əsas söz sahibi olan Putinin həyatı ilə bağlı bir çox təfərrüatlar gizli saxlanılır.

Mətbuatla paylaşılan məlumatlar ancaq Kremlin istədiyi şəkildə və ölçüdə verilir. Belə ki, indiyədək Rusiya lideri haqqında onlarla təsdiqlənməmiş iddialar səsləndirilib.

Xüsusilə, Rusiya liderinin sağlamlıq durumu ilə bağlı böyük qeyri-müəyyənlik var. Qərb mətbuatında Putinin ağır xəstəliklərlə mübarizə apardığı haqda xəbərlər getsə də, Rusiya lideri özünəməxsus rəftarı ilə bəzən cüdo ilə, bəzən də ayıya minməklə  bu iddialara “çox sağlamam” mesajı verir. Bəzi ekspertlərin fikrincə, mətbuatda yayılan xəstəlik iddiaları heç də qəti dəlillərə əsaslanmır.

Putinin səhhəti ilə bağlı iddialara kifayət qədər dəlil olmadığını deyənlər arasında  professor Maykl Klark da var: “Mətbuatda yer alan ən ciddi iddialardan bəziləri Putinin Parkinson və ya xərçəng xəstəliyinə tutulmasıdır. Bu məsələ ilə bağlı bir neçə ekspertlə danışmışam. Mənə dedilər ki, Parkinson xəstəliyini yerişlə müəyyən etmək olmur. Bundan əlavə, danışdığım digər mütəxəssislər xərçəngin əlamətlərini təkcə fotoşəkillərlə müəyyən edə bilməyəcəyini söylədi".
Putinin səhhəti ilə bağlı bir çox fərqli iddiaların olduğunu bildirən Klark sözlərini belə davam etdirib: “Düzünü desəm, mən Putinin "xəstəlik xəstəsi” olduğunu düşünənlərdən biriyəm. O, daim həkimlərə baş çəkir, bildiyimizə görə, bəzən görüşləri yarımçıq qoyur, səhhəti ilə bağlı bu həkimlərlə məsləhətləşir. Oktyabrda 70 yaşı tamam olacaq Vladimir Putin tez-tez botoks əməliyyatı keçirir.. Biz də bunu bilirik. Əslində bu, o qədər tez-tez edilir ki, sanki Putin sağ ikən az qala özünü mumyalamağa çalışır".

Professor Maykl Klark Vladimir Putinin səhhəti ilə bağlı iddialar altında müxtəlif ehtimalların ola biləcəyini də vurğulayıb. "Ukrayna müharibəsi Rusiya üçün pis başa çatarsa, prezidentin səhhətinə görə istefa verməsi Rusiya üçün yaxşı çıxış yolu ola bilər", - Klark bildirib. Belə bir ssenari baş verərsə, Putini ən azı onun qədər güclü olan Nikolay Patruşev əvəz edə bilər. Təbii ki, bunlar sadəcə fərziyyələrdir”, o əlavə edib.

Vladimir Putinin səhhəti ilə bağlı iddiaların mühüm hissəsi General SVR adlı Telegram kanalında paylaşılır. Kremldə gizliyi mənbəyə malik olduğunu iddia edən kanal, son bir neçə həftə ərzində bu mövzuda yeni bir iddia dərc edib. Kanalda iddia edilib ki, Rusiya lideri müşavirlər və hərbi rəhbərlərlə bu yaxınlarda keçirilən videokonfransdan sonra iş masasından qalxarkən özünü yorğun hiss edib və başı gicəllənib və buna görə də həkimlərə müraciət edib. Bundan əlavə, iddialara görə, Putin keçən həftə başı hərləndiyi üçün mətbuat konfransını qeyri-müəyyən müddətə təxirə salıb.

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti