Kartdan-karta köçürmələrdə tətbiq edilən yeni məhdudiyyətlər müzakirələrə səbəb olub. Bəzi ekspertlər hesab edirlər ki, bu cür məhdudiyyətlər nağdsız ödənişlərin həcminə təsir göstərə və alternativ ödəniş üsullarına tələbatı artıra bilər.
İqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov Sitat.info-ya açıqlamasında bildirib ki, bu, ümumiyyətlə qanun deyil və qanun əsasında qəbul edilməyib.
Onun sözlərinə görə, bəzi deputatlar bu təşəbbüsü dəstəkləsələr belə, insanların fəaliyyətini məhdudlaşdıran istənilən qayda qanun əsasında qəbul olunmalıdır.
Hüquqşünas qeyd edib ki, Mərkəzi Bank və bütün kommersiya banklarının bu məsələ ilə bağlı razılığa gəlməsi inandırıcı görünmür.: "Normal bazar iqtisadiyyatı şəraitində heç bir bank öz gəlirini azaldacaq məhdudiyyəti könüllü şəkildə tətbiq etməz. Çünki banklar əməliyyatın növündən asılı olmayaraq bütün köçürmələrdən gəlir əldə edirlər. Bu halda niyə özünü məhdudlaşdırsın? Bir neçə il əvvəl xarici valyuta alışına da oxşar məhdudiyyət tətbiq edilmişdi. Aydındır ki, bu qərarı banklar deyil, dövlət verib və banklar buna vadar olunublar. Bu doğru yanaşma deyil. Banklar ayrı-ayrılıqda müəyyən qaydalar tətbiq edə bilsələr də, hamısının eyni vaxtda eyni məhdudiyyəti tətbiq etməsi faktiki olaraq birgə hərəkət kimi görünür”.
Ə.Həsənov vurğulayıb ki. beynəlxalq təcrübə belə bir hal yoxdur: "Heç qonşularımızda da belə qayda tətbiq edilməyib. Vergidən yayınmanın qarşısının alınması məqsədi başa düşüləndir. Çünki xidmət və ticarətlə məşğul olan bəzi sahibkarlar ödənişləri sahibkarlıq hesabı əvəzinə kartdan-karta qəbul edirlər, vergidən yayınırlar. Ancaq dünyanın aparıcı ölkələrində bu problem var, qonşu ölkələrdə də var. Onlar bunu vətəndaşlara məhdudiyyət qoymaqla deyil, rəqəmsal nəzarət və gəlir bəyannamələri vasitəsilə həll edilir. Əksər inkişaf etmiş ölkələrdə vətəndaşlar hər il gəlir və əmlak bəyannaməsi təqdim edir, bütün məlumatlar rəqəmsal şəkildə yoxlanılır və uyğunsuzluq aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görülür. Bu zaman kartdan karta əməliyyatları bu bəyannamədən fərqlənəndə suallar ortaya çıxır. Azərbaycanda da 2005-ci ildə qəbul edilmiş qanuna əsasən məmurlar və onların ailə üzvləri gəlir və əmlak bəyannaməsi təqdim etməlidirlər. Lakin bu mexanizm indiyədək faktiki olaraq tətbiq olunmayıb”.
Ekspert hesab edir ki, tətbiq edilən məhdudiyyət effektiv olmayacaq: " Vergidən yayınan şəxslər ailə üzvlərinin və ya yaxınlarının kartlarından istifadə edəcək, yaxud yenidən nağd ödənişlərə üstünlük verəcəklər. Bu zaman dövlət qurumları nağd əməliyyatları ümumiyyətlə görməyəcək və nəzarət çətin olacaq. Nəticədə isə əsas çətinliklə üzləşən tərəf adi vətəndaşlar olacaq. Əgər mənim sizə 25 min manat borcum varsa və fərqli şəhərlərdə yaşayırıqsa, onu kartdan karta göndərə bilməyəcəyik. Çünki aylıq limit 20 min manatdır".
Tehran Yusifli,
Sitat.info