Yayda turizm sektorunun canlanması ilə ətə olan tələbat da artır. Xüsusən də quzu ətinə olan tələbatın artması qiymət artımına gətirib çıxarıb. Hazırda ölkənin müxtəlif yerlərində quzu ətinin kiloqramı 23-26 manat arasında dəyişir. Paytaxt qəssabxanalarında quzu ətinin 1 kiloqramı 25-26 manatadır. Mal ətinin kiloqramı isə 18-19 manatdan başlayır, sümüksüz ət isə bir qədər də bahadır.
Azərbaycanın qədim heyvandalıq ənənələrinə sahib olduğunu nəzərə alsaq, kənd təsərrüfatında bu sahənin getdikcə zəifləməsi, xaricdən gətirilən ətlərin bazarda yer tutması, yerli istehsalın azalması hər kəsi narahat edən məsələyə çevrilib. Çünki idxaldan asılılıq xarici ölkələrdəki inflyasiyanın da idxal olunması ilə nəticələnir.
Bəs Azərbaycanda heyvandarlığın inkişafı və yerli ət istehsalının daxili tələbatı ödəyəcək səviyyəyə çatması üçün hansı işlər görülməlidir.
Sitat.info-ya açıqlamasında bu salı cavablandıran Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Əlibala Məhərrəmzadə ətin bahalaşmasında bir neçə əsas faktorun rol oynadığını bildirdi.
Onun sözlərinə görə, ilk növbədə sərhədyanı ölkələrdə ətin qiyməti bahalaşdıqda bu, avtomatik olaraq Azərbaycandakı bazara da təsir göstərir: " Bildiyiniz kimi, Türkiyədə son dövrlərdə ətin qiymətində çox kəskin artım müşahidə olunur və bəzi hallarda qiymət manatla ifadə olunduqda 80-90 manata çatır. Bu da qiymət artımına təsir edən əsas amillərdən biridir".
Bəs Azərbaycanda yerli istehsal niyə tələbat tam qarşılanmır?
Bu sualı cavablandıran deputat bildirdi ki, əsas səbəb yem bazasının zəif olmasıdır: "Mövcud vəziyyət göstərir ki, həm yem istehsalı, həm də otlaq sahələri ölkənin tələbatını qarşılamaq üçün kifayət etmir. Otlaq torpaqlarının azlığı heyvandarlığın inkişafını məhdudlaşdıran əsas problemlərdəndir. Buna görə də müasir ferma tipli təsərrüfatların yaradılmasına ehtiyac var. Bu sahədə müəyyən gerilik müşahidə olunur. Hesab edirəm ki, əsas diqqət məhz bu istiqamətə yönəldilməlidir. Yem bazası genişləndirilməli, müasir üsullar tətbiq edilməli və bu standartlara uyğun fermalar yaradılmalıdır. Nəticədə ət istehsalının artırılmasına nail olmaq mümkündür.
Ə. Məhərrəmzadə onu da vurğuladı ki, istehlakçıların ən keyfiyyətli ətə üstünlük verməsi də bazara təsir edən amillərdəndir: "Qiymətlərə təsir edən digər mühüm amillərdən biri də Azərbaycanda əsasən ən keyfiyyətli – əla sort ətə üstünlük verilməsidir. Halbuki ət əla sort, birinci sort, ikinci sort və üçüncü sort kimi kateqoriyalara bölünür. İnsanların əsas tələbi əla sort ətə yönəldiyi üçün bu məhsulun qiyməti də yüksək olur. İkinci və üçüncü sort ətlərə marağın az olması qiymətlərin ildən-ilə bahalaşmasına təsir göstərən səbəblərdəndir.
Məsələn, Azərbaycanda qoyun və quzular əsasən 18-19 kiloqram çəkidə kəsilir. Halbuki qoyunların çəkisi 60-65, hətta 70 kiloqrama qədər çata bilir. Bu isə artıq əla sort deyil, ikinci və üçüncü sort məhsul hesab olunur. Bunun üçün müasir heyvan cinslərindən istifadə edilməlidir. Lakin Azərbaycanda bu sahədə müəyyən konservativ yanaşma mövcuddur və heyvandarlıqda hələ də ənənəvi üsullara üstünlük verilir".
Deputat hesab edir ki, Qarabağda minalardan təmizlənmə prosesi başa çatdıqdan sonra heyvandalıq üçün geniş imkanlar yaranacaq: "Yaylaq məsələsi də mühüm amillərdən biridir. Hazırda ölkədə minalanmış ərazilərin çoxluğu səbəbindən dövlət həmin torpaqları tam təmizləməyib və buna görə də fermerlərin orada fəaliyyət göstərməsinə icazə verilmir. Halbuki Qarabağdakı torpaqlar gələcəkdə heyvandarlığın inkişafı üçün yeni imkanlar yaradacaq və bu sahəyə ciddi üstünlük qazandıracaq.
Bununla belə, ən vacib məsələ yenə də güclü yem bazasının formalaşdırılması, yem istehsalının artırılması və həmin yemin ferma şəraitində heyvanlara verilməsidir. Hesab edirəm ki, bu addımlar həyata keçirildikdən sonra Azərbaycan özünü ətlə tam təmin edə biləcək".
Nigar,
Sitat.info